Sentyabrın 15-də Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbi üçün inşa edilən 432 şagird yerlik bina istifadəyə verilib. Məktəb binasının tikintisi Prezident cənab İlham Əliyevin “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 3 iyun tarixli Sərəncamına əsasən aparılıb.
Məktəb binasının açılış mərasimində Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, təhsil işçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə məktəbin həyətində şəhidlərin xatirəsinə inşa olunmuş abidəni ziyarət edib, önünə tər gül-çiçək düzüblər.
Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən söz açıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, müəllim, şagird və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib.
G.Əbdülov pedaqoji kollektivi tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, şagirdləri biliklərə daha əzmlə yiyələnməyə çağırıb. Bildirib ki, dövlətimizin daha da qüdrətli olması üçün güclü təhsilə sahib olmaq önəmlidir. Bunun üçün çalışqanlıq, əzmkarlıq, dürüstlük, qətiyyət, xalqa sevgi, dövlətə sədaqət kimi mənəvi dəyərlər daim zehin və ürəklərimizdə olmalıdır.
Tədbir iştirakçıları məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.
2022-2023-cü tədris ilində təhsil müəssisəsində 477 şagird, məktəbəhazırlıq qrupunda isə 30 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 43 nəfər pedaqoji işçi çalışır.
Sonda Qarabağ Regional Təhsil İdarəsi tərəfindən I siniflərə hədiyyələr verilib.