27.09.2022

Tərtər rayonunun 5 məktəbində Türk Qızılay Cəmiyyəti tərəfindən quraşdırılan uşaq oyun meydançası istifadəyə verilib

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk, Türk Qızıl Aypara Cəmiyyətinin baş katibi Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər ediblər.

 

Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, KİV nümayəndələri, şəhid və qazi ailələri, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Səfər çərçivəsində qonaqlar əvvəlcə şəhərin girəcəyində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini, sonra Ulu Öndərin abidəsini ziyarət edərək, onların xatirəsini dərin ehtiramla yad edib, önünə gül-çiçək dəstələri düzüblər.

 

Tədbir iştirakçıları əvvəlcə Evoğlu kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüblər. Sonra rayonun Evoğlu kənd tam orta məktəblərində inşa edilmiş oyun meydançasının açılışı olub.

 

Tədbirdə çıxış edən Türk Qızıl Aypara Cəmiyyətinin baş katibi Yusuf Ramazan Sayğılı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev iki ölkənin dostluq münasibətlərindən danışıb, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bildiriblər.

 

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini və Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” sözlərini dilə gətirib, iki qardaş dövlət arasında hər zaman sıx dostluq əlaqələrinin olduğunu bildirib.

 

Türk qurumlarının Azərbaycanın fərqli bölgələrində müxtəlif layihələr həyata keçirdiyini deyən səfir məktəbliləri sevindirmək məqsədilə Türk Qızıl Aypara Cəmiyyətinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə Füzuli, Tərtər və Ağdam rayonlarında 16 uşaq oyun meydançası qurduğunu, burada uşaqların asudə vaxtlarını maraqlı keçirəcəyini deyib. Səfir açılışın xeyirli, uğurlu olmasını arzulayıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səfirə tərtərlilər adından minnətdarlığını bildirib, Türkiyə-Azərbaycan dostluğunun əsrlərin sınağından keçdiyini, xalqlarımızın dini bir, dili bir dost, qardaş ölkə olduğunu qeyd edib.

 

Bundan əlavə Qarabağ Regional Təhsil İdarəsi də öz növbəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi adından Qızıl Aypara Cəmiyyətinin regiondakı bütün məktəblərin ərazisində verdiyi töhvəsinə görə  dərin minnətdarlığını və təşəkkürünü bildirib.

 

Quraşdırılmış uşaq oyun meydançası məktəblilərin istifadəsinə verilib.

 

Daha sonra Evoğlu məktəbinin məzunu olan Şəhid Məftun Əhmədzadənin ailəsi ziyarət olunaraq başsağlığı verilib.


Açar sözlər: ,