Sentyabrın 30-da Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovun Füzuli və Xocavənd rayon sakinləri ilə Xocavənd rayonunda görüşü keçirilib.
Vətəndaşlar təhsil müəssisələrində pedaqoji və texniki heyət kimi işlə təmin olunma, əmək müqavilələrinin müddətinin uzadılması, şagirdlərin məktəbə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qeydiyyata alınıb, onların həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Daha sonra idarə müdiri Qarabağ Regional Təhsil İdarəsinin Xocavənd rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib. Görüş zamanı Gündüz Əbdülov 2022/2023-cü tədris ilində qarşıda duran vəzifələrdən, mövcud problemlərlə bağlı müzakirələr aparıb və məktəb rəhbərlərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Eyni zamanda Gündüz Əbdülov Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Məzahir Göyüşov və Ceyhun Nüsrətlinin ölümünün ildönümü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında keçirilən anım tədbirində iştirak edib. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonda Tuğ kənd və Füzuli rayon 55 nömrəli tam orta məktəbinin sagirdləri şeirlər səsləndiriblər.