17 oktyabr 2022-cil tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 17 Oktyabr-Füzulinin işğaldan azad olunması ilə əlaqədar Ağcabədi şəhər Ü.Hacıbəyov adına 7 saylı tam orta məktəbin Gənc Heydərçilərinin iştirakı ilə tədbir keçirilib.
Tədbir Füzuli şəhərinin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Mərkəzin direktoru tədbiri açaraq bildirib ki, 17 oktyabr Füzulinin işğaldan azad olunduğu gündür. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Ulu öndər Heydər Əliyevin hakimiyyəti zamanı 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq. Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
Füzuli uğrunda döyüşlərdə ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Tədbirin gedişatında Gənc Heydərçilərlə olunan sual-cavabda bir neçə məktəbli xüsusi fəallıq göstərmişlər. Sonda Mərkəzin foyesində sərgilənən “Qələbənizin Ruhu Naminə” adlı sərgiyə baxış keçirilib.