Noyabrın 11-də Bərdə rayonu Qalib Quliyev adına Xanərəb kənd tam orta məktəbi üçün inşa edilən 624 şagird yerlik bina istifadəyə verilib.
Məktəb binasının açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, darənin digər vəzifəli şəxsləri, kənd İcra nümayəndəliyi şəhid ailələri, qazilər və təhsil işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Xanərəb kəndində şəhidlərin xatirəsinə inşa olunmuş abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan açılış mərasimində giriş nitqi ilə çıxış edən məktəbin direktoru Rəvan Mikayılov tədrisə göstərilən qayğıya görə dövlət başçısına, Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib. Məktəb direktoru, yaradılmış şəraitdə daha məsuliyyətlə gələcək nəsillərə yüksək səviyyədə təhsil verilməsi üçün var gücü ilə çalışacağını vurğulayıb.
Məktəbin adını daşıdığı şəhid Qalib Quliyevin qardaşı Emil Quliyev çıxış edərək kənd sakinləri üçün müasir tələblərə cavab verən məktəb binasının tikilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
İdarə müdiri Gündüz Əbdülov müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən söz açaraq pedaqoji kollektivi tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, şagirdləri biliklərə daha əzmlə yiyələnməyə çağırıb.
Son olaraq çıxışda Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev son illərdə ölkəmizdə məktəb infrastrukturunun yenilənməsində dövlətin diqqət və qayğısından danışaraq, məktəb kollektivi və şagirdlər üçün yaradılmış şəraitdən səmərəli istifadə etmələrini və məktəbi qoruyub saxlayaraq növbəti nəsillərə ötürülməsi üçün tövsiyələrini verib.
Tədbir iştirakçıları məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.
Daha sonra I sinif şagirdlərinə və məktəbəhazırlıq qrupunun uşaqlarına hədiyyələr verilib.
Qeyd edək ki, 73 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, 2 informatika, 1 gənclərin çağırışaqədərki hazırlığı kabineti, 1 məktəbəhazırlıq otağı, 300 yerlik akt zalı, 2 idman zalı, elektron kitabxana və bufet fəaliyyət göstərəcək.