14.11.2022

"Narkomaniya və erkən nigaha yox deyək!"adlı tədbir keçirilib

Bərdə rayonu F. Sadıqov adına Qaradəmirçi kənd tam orta məktəbdə "Narkomaniya və erkən nigaha yox deyək!"adlı tədbir keçirilib.

 

Tədbirdə Bərdə rayon təhsil sektorunun müdiri Qurban Məmmədov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov, Bərdə rayon İcra Hakimiyyətinin humanitar şöbəsi üzrə baş məsləhətçi Asif Abbasov və məktəb kollektivi iştirak edib.

 

Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə iştirakçılar əvvəlcə narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə videoçarx izləyiblər.

 

Maarifləndirici tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

 

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər.

 

Daha sonra çıxış edənlər erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən danışıblar. Çıxışlarda erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırılıb.

 

Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,