22.11.2022

“Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Noyabrın 22-də Elm və Təhsil Nazirliyinin şagirdlər arasında təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Mərasimdə Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, yerli təhsili idarəetmə qurumlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

 

Tədbirdə giriş nitqi ilə çıxış edən Baş nazirin müavini Əli Əhmədov 44 günlük Vətən müharibəsində qazanılan qələbənin dövlətimizin qüdrətinin ifadəsi olduğunu vurğulayıb. Baş nazirin müavini qeyd edib ki, ölkə prezidenti cənab İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” ifadəsi bugünkü və gələcək nəsillərə bir çağırışdır. 

 

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsi 44 günlük Vətən müharibəsində qazanılan zəfər barədə şagirdlərin öz düşüncələrini qələmə almaları, həmçinin Azərbaycan dilində yazı bacarıqlarının inkişaf etdirilməsi məqsədini daşıyır. 

 

Mərasimdə Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan Bərdə şəhəri N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əkbərov Könül Vüqar qızı  I dərəcəli, Şuşa şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Səfərzadə Röya İlham qızı və Füzuli rayon 7 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əlizamanlı Mətin Kərəm oğlu II dərəcəli diplomla, Tərtər rayon Umudli kənd tam orta məktəbin X sinif şagirdi Zeynalzadə Nilufər Aqşin qızı isə III dərəcəli diplomla təltif olunublar.

 

Tədbirdə həmçinin Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Röya Səfərzadə çıxış edərək təəssüratlarını  bölüşüb.


Açar sözlər: ,  ,  ,