Martın 15–də Ağcabədi rayonun Hindarx qəsəbəsində Milli Qəhrəman Etibar İsmayılov adına 1 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı ilə bağlı tədbir keçirilib.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, İdarənin və rayon icra hakimiyyətinin məsul işçiləri, məktəbin müəllim və tələbə kollektivi, kənd sakinləri və şəhid ailələri iştirak edib.
Açılış tədbirindən əvvəl Milli Qəhrəman Etibar İsmayılovun məktəbin qarşısında ucaldılmış büstü ziyarət edilmiş, önünə tərgüllər düzülüb.
Tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən söz açıb. İdarə müdiri pedaqoji kollektivi tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, şagirdləri biliklərə daha əzmlə yiyələnməyə çağırıb və yaradılan şəraitə görə Ali rəhbərliyə və Elm və Təhsil Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğı üçün idarənin kollektivi adından bir daha minnətdarlığını bildirib.
Yekunda çıxış edən rayon rəhbəri Rafil Hüseynov Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi böyük diqqətdən, bu mühüm amilin dövlət siyasətinin əsas istiqamətləri sırasına daxil olmasından söz açaraq, məktəbin kollektivinə uğurlar arzulayıb.
Tədbir iştirakçıları məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.
Sonda Qarabağ Regional Təhsil İdarəsi tərəfindən I siniflərə hədiyyələr verilib.
Bildirilir ki, məktəbdə 39 sinif otağı, 2 laboratoriya, 1 idman zalı, 1 kitabxana, 1 muzey və 2 kompüter otağı mövcuddur. Hazırda məktəbdə 807 şagird təhsil alır.