12.07.2023

“Azərbaycanın paytaxt ərazisindən kənarda ictimai və yaşayış binalarında enerji səmərəliliyi” layihəsi çərçivəsində aparılmış işlərin təqdimat mərasimi keçirilib

12 iyul 2023-cü il tarixdə BMT-nin İnkişaf Proqramı, Yaponiya hökuməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi , Elm və Təhsil Nazirliyi və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın paytaxt ərazisindən kənarda ictimai və yaşayış binalarında enerji səmərəliliyi” layihəsi çərçivəsində aparılmış işlərin təqdimat mərasimi keçirilib.

 

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən həyata keçirilən layihə çərçivəsində Qarabağ Regional Təhsil İdarəsinin Bərdə rayonu N. Quliyev adına Mollalı kənd tam orta məktəbin binasında mərkəzləşdirilmiş istilik sistemi, günəş enerjisi sistemləri vasitəsilə xarici işıqlandırma sistemi, enerjiyə qənaət edən pəncərə və sinif qapıları quraşdırılmış, eləcədə məktəbin akt zalı, idman zalı və bəzi sinif otaqları təmir olunmuşdur.

 

Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov və Bərdə rayon İcra Hakimiyətinin başçısının müavini İlham Məmmədov, məktəb şagirdləri, valdeynlər və pedaqoji heyət iştirak ediblər.

 

Tədbir iştirakçıları şəhidlər abidəsini ziyarət etdikdən sonra ağacəkmə aksiyasında iştirak etmiş, məktəbin ərazisində quraşdırılan qazanxanaya baxış keçirmiş və məktəb binasında görülən işlərlə tanış olublar.

 

Tədbirdə layihə çərçivəsində keçirilən “Mən Yaponiyanı nə qədər yaxşı tanıyıram?” adlı müsabiqənin qaliblərinə və iştirakçılarına rəsmi şəxslər tərəfindən hədiyyələr, sertifikatlar təqdim olunub.


Açar sözlər: