30.08.2023

“Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” layihəsinin təqdimat mərasimi keçirilib

Avqustun 30-da Xocavənd rayon 4 nömrəli tam orta məktəbdə Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində icra olunan “Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası” layihəsinin təqdimat mərasimi keçirilib.

 

Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəbin müəllimləri və benefisiar təşkilatın nümayəndələri iştirak ediblər.

 

Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Məktəb üçün yeni binanın inşa edilməsi nəticəsində təhsilin səviyyəsinin yaxşılaşacağına, burada təhsil almış uşaqların gələcəkdə Azərbaycanın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

 

Məlumat verilib ki, layihə çərçivəsində Yeni Xocavənd qəsəbə məktəbinin 6 sinif otaqlı və sanitar qovşaqlı əlavə məktəb binaası tikilib və mövcud məktəb binası qaz - istilik sistemi ilə təmin edilib.

Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov çıxış edərək, Yaponiya-Azərbaycan arasındakı dostluq münasibətlərinin inkişafından və belə layihələrin təhsilimizə göstərilən diqqətin nümunəsi olduğundan danışıb.

 

Qeyd edək ki, layihənin əsas məqsədi Yeni Xocavənd qəsəbəsi ilə yanaşı, qonşu Yeni Tuğ qəsəbəsinin təhsil şəraitinin yaxşılaşdırılması və məcburi köçkün statuslu şagirdlərin təhsil alma imkanlarının artırılmasıdır.


Açar sözlər: ,