Füzulidə Bilik Günü münasibətilə tədbir keçirilib
"Vaxtilə işğaldan azad edilmiş ərazilərdə ilk dərs gününün qeyd edilməsi bir arzu idi. Bu gün isə həmin arzu artıq gerçəkləşib".
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə sentyabrın 15-də Bilik Günü münasibətilə keçirilən tədbirdə deyib.
Nazir qeyd edib ki, bu ərazilərdə tikilmiş məktəblərin müəllim və şagird heyəti bütün bunların nə cür ərsəyə gəldiyini yaxşı dərk etsə, işinə, təhsilinə daha da məsuliyyətlə yanaşacaq.
Sonda tədbir iştirakçılarını təbrik edən elm və təhsil naziri yeni tədris ilində müəllim və şagirdlərə uğurlar arzulayıb.
Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, nazirlik əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri də iştirak ediblər.
Tədbirə qatılan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə qüdrətli Azərbaycanın görkəmli şəxsiyyətlərinin yetişməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb.
Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin direktoru Həcər Mahmudova işğaldan azad edilmiş ərazilərdə belə bir tədbirin təşkilinin qürurverici olduğunu dilə gətirib, şagird və müəllimləri yeni tədris ili münasibətilə təbrik edib.
Daha sonra çıxış edən Əməkdar müəllim Asif Cahangirov, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Həşimova, şəhid mayor Elnur Quliyevin anası Marusa Quliyeva, şəhid Fəqan Zalovun atası Amil Zalov öz növbələrində şagirdləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbir şagirdlərin ifasında bədii proqramla yekunlaşdırılıb.