28.12.2023

“Qalib Ölkənin Qalibləri - 2023” mükafatlandırma mərasimi keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Qalib Ölkənin Qalibləri - 2023” mükafatlandırma mərasimi keçirib.

 

Mərasimdə cari il ərzində uşaq hüquqları, xüsusən də uşaqların inkişaf hüququ sahəsində səmərəli fəaliyyəti ilə seçilən uşaqlar mükafatlandırılıb.

 

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqları salamlayıb, belə tədbirlərin uğurlu fəaliyyət üçün xüsusi stimul olduğunu söyləyib.

Eyni zamanda tədbir çərçivəsində Azərbaycan Uşaqlarının İnkişafı Platformasının təsis edildiyi elan edilib. İctimai Birliyin uşaq siyasətinin həyata keçirilməsinə töhfə vermək məqsədilə fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb.

 

Tədbir mükafatlandırma ilə davam edib. İştirakçılardan 10 nəfər “Ən fəal layihə təşkilatçısı”, “Ən uğurlu layihə”, “Ən fəal təlimçi”, “Uğurlu beynəlxalq təmsilçilik”, “Mübariz ruh” adlı 5 nominasiya üzrə diplom, mükafat və hədiyyələrlə təltif olunublar. Qaliblər sırasında Ağdam rayon H.K.Əsgərov adına Quzanlı qəsəbə tam orta məktəbinin X sinif şagirdləri Abdullayev Cəlal və İbrahimova Rəvanə "Ən fəal lahiyə təşkilatçısı" nominasiyası üzrə diplom və hədiyyələrlə təltif olunublar.

 

Mükafatlandırma mərasimi zamanı müxtəlif nominasiyalara layiq görülən uşaqların fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

 

Qeyd edək, tədbirdə respublikanın bütün şəhər və rayonlarından fəallığı, xüsusi bacarıq və istedadı ilə seçilən, liderlik keyfiyyətlərinə sahib olan, eyni zamanda USM üzvləri və regional nümayəndələri də daxil olmaqla 100-dən çox uşaq iştirak edib.

 

Şagirdlərimizə uğurlar arzulayırıq!


Açar sözlər: