Ağcabədi rayonu üzrə təhsil sektoru müdirinin təhsil müəsissələrinin rəhbərləri ilə görüşü keçirilib.
Bu qurumun təşkilatçılığı ilə keçirilən görüşdə dərs ilində tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.
Görüşdə Ağcabədi rayonu üzrə təhsil sektorunun müdiri Teymur Qasımov, sektorun əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, təlim-tərbiyə işləri üzrə və təsərrüfat işləri üzrə direktor müavinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Teymur Qasımov ümumtəhsil müəssisələrinin qarşısında duran əsas prioritet istiqamətlərdən danışıb.
Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan sektor müdiri müəsissə rəhbərlərinin üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə şagird yerdəyişməsinə nəzarət, dərs bölgüsünün təlimata uyğun aparılması, əmək intizamına əməl olunması, vətəndaş müraciətlərinin cavablandırılması və qeydiyyata alınması, məktəbdə abadlıq və təmizlik işlərinin aparılması, fənn olimpiadaları, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi kimi məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və qaldırılan məsələlərə aydınlıq gətirilib.