Füzulu rayon təhsil sektorunun rəhbərliyi ilə Ehtiram Piriyev adına Böyük Bəhmənli kənd 1 nömrəli və Fəqan Zalov adına Horadiz şəhər 3 nömrəli tam orta məktəblərdə təhsil alan XI sinif şagirdlərinin iştirakı ilə Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüş keçirilib.
Görüşdə çıxış edən Füzuli rayonu üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və ixtisasları barədə danışıb. Daha sonra sektorun digər əməkdaşları Rəqsanə Hacıyeva və Elman Rzayev Qarabağ Universitetini seçəcək tələbələr üçün ediləcək güzəştlər və təhsil alanların ala biləcəyi ixtisaslar barədə məlumat bildiriblər.
Daha sonra müəssisə rəhbərlərinin və şagirdlərin çoxsaylı sualları ətraflı cavablandırılıb.
Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.