Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə Azərbaycan Gənclər Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə idarə müdiri Sənan Mənsimli, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisə rəhbərləri və gənc müəllimlər iştirak edib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İdarə müdiri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün də uğurla davam etdirilən gənclər siyasətindən bəhs edib. Müəllimlərin işə qəbulunda, təhsil müəssisələrində müvafiq vəzifələrə təyinatda innovativ və müasir düşüncəli gənclərə üstünlük verilməsi, gənclərə stimullaşdırıcı tədbirlərin tətbiq edilməsi gənclər siyasətinin bariz nümunəsidir. Gənclərin təhsildə rolu və bu gün işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmənin önəmindən və məsuliyyətindən danışıb.
Daha sonra gənc təhsil işçiləri öz təbriklərini tədbir iştirakçıları ilə bölüşüblər. Şagirdlər tərəfindən müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Gənclər siyasətinin həyata keçirilməsində səmərəli və aktiv fəaliyyətinə görə bir qrup müəllim və təhsil işçiləri idarə rəhbərliyi tərəfindən təltif olunublar.
Tədbirin sonunda çay süfrəsi təşkil edilib, müəllimlərlə söhbət aparılıb.