Bərdə şəhər Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbdə ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Arslan Hacıyev, idarə müdiri Sənan Mənsimli, sektor müdirləri və müəssisə rəhbərləri iştirak edib.
Tədbirdə 2024–2025-ci tədris ili üzrə ümumi təhsilin müxtəlif pillələrində şagirdlərin nailiyyət göstəricilərinə dair təhlillər təqdim olunub. İştirakçılar bu təhlillər əsasında şagirdlərin öyrənmə nəticələrinin yüksəldilməsi üçün zəruri tədbirlərin görülməsi barədə fikir mübadiləsi aparıblar.
Xüsusilə istedadlı şagirdlərin aşkara çıxarılması, onların potensiallarının inkişaf etdirilməsi, həmçinin təhsildə bərabər imkanların yaradılması mövzuları diqqət mərkəzində olub. Qeyd edilib ki, tədris prosesinin keyfiyyətli təşkili və müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması da əsas prioritetlərdəndir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, gündəlikdə olan mövzu ətrafında müzakirələr edilib.