4 sentyabr 2025-ci il tarixində Qarabağ Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı keçirilib.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, idarənin əməkdaşları və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.
Konfransların əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir. Konfrans zamanı həmçinin ötən tədris ilinin nəticələri təhlil olunur və əldə olunan nəticələr dəyərləndirilir.
Konfransın gündəliyində rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, valideyn iştirakının təlim-tərbiyə prosesində rolunun artırılması kimi mövzulara xüsusi önəm verilib.
Qeyd edək ki, Sentyabr konfransları iştirakçılar üçün fikir mübadiləsi aparmaq, qabaqcıl təcrübələri paylaşmaq və aktual təhsil çağırışlarına uyğun olaraq vahid yanaşmalar formalaşdırmaq baxımından mühüm platforma rolunu oynayır.