İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Qarabağ Universitetinin Pedaqoji fakültə dekanı Kəklik Gözəlova, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov və pedaqoji işçilər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həmçinin Vətənimizin azadlığı uğrunda şəhid olmuş müəllimlərin əziz xatirəsi xüsusi vurğulanıb.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, onların fədakar əməyindən söz açıb. O, həmçinin Qarabağ Universiteti ilə əməkdaşlıq imkanlarından danışaraq, bu əməkdaşlığın Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli tam orta məktəblərin şagirdlərinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Qarabağ Universitetinin dekanı da çıxış edərək müəllimləri təbrik edib, müəllim əməyinin müqəddəsliyindən bəhs edib. O, universitetin şagirdlərin gələcək inkişafı üçün yenilikçi yanaşmalar ortaya qoyduğunu və Qarabağ Regional Təhsil İdarəsi ilə sıx əməkdaşlığın bu prosesdə mühüm rol oynadığını bildirib.
Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Anar Əsgərov isə Ulu Öndər Heydər Əliyevin “Mən müəllimdən şərəfli ad tanımıram” kəlamını xatırladaraq, müəllimlərin gənclərin inkişafı və təhsil islahatlarının həyata keçirilməsində müstəsna rolundan danışıb.
Çıxış edənlər müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, onların gələcək nəslin formalaşmasında əvəzsiz rolunu vurğulayıblar. Qeyd olunub ki, müəllimlik peşəsi yalnız bilik ötürmək deyil, həm də vətənpərvər, savadlı və milli dəyərlərə bağlı gənclərin yetişdirilməsi missiyasını özündə birləşdirir. Bu baxımdan müəllimlərimizin fəaliyyəti dövlətin təhsil siyasətinin əsas dayaq sütunlarından biridir.
Tədbir çərçivəsində şagirdlər tərəfindən müəllimlərə həsr olunmuş bədii kompozisiyalar təqdim olunub.
Sonda isə Elm və Təhsil Nazirliyi tərəfindən bir sıra müəllimlər səmərəli fəaliyyətlərinə və təlim-tərbiyə prosesində uğurlarına görə təltif ediliblər, tədbir iştirakçıları üçün çay süfrəsi təşkil edilib.