Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində “Məktəblilər arasında respublika çempionatı”nın atletika idman növü üzrə rayon turu artıq yekunlaşıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Atletika Federasiyası, Azərbaycan Basketbol Federasiyası və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışların nəticələrinə əsasən, final mərhələsinə vəsiqə qazanan 14 komanda paytaxtda keçiriləcək yekun mərhələdə güclərini sınayacaq.
Cari ilin oktyabr ayının 24-də atletika idman növü üzrə Tərtər Olimpiya İdman Kompleksində yarışın zona mərhələsi keçiriləcək. Zona mərhələsində qalib olan komanda 14 komandadan biri olaraq paytaxtda keçiriləcək final mərhələsində regionumuzu təmsil edəcək. Eyni zamanda yarışlar ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Xankəndi şəhəri N.Gəncəvi adına 4 nömrəli, Xocalı şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəblərində təşkil edilib.
Qeyd edək ki, çempionatın məqsədi ümumi təhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, həmçinin məktəblilər arasında sağlam və aktiv həyat tərzinin təşviq olunmasıdır.