Qarabağ Regional Təhsil İdarəsində “Böyük Qayıdış” proqramının icrası çərçivəsində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək ümumtəhsil müəssisələrinin pedaqoji kadr təminatı məsələlərinə həsr olunmuş görüş keçirilib.
İnzibati-təşkilat sektorunun müdiri Qurban Məmmədov qeyd edib ki, yeni açılan məktəblərin səmərəli fəaliyyəti üçün ixtisaslı və təcrübəli müəllimlərlə təmin olunması idarənin əsas prioritetlərindəndir. Bu istiqamətdə maarifləndirici görüşlər keçirilir, vakansiyalar müəyyənləşdirilir və pedaqoqlar üçün yaradılan şərait barədə məlumatlar təqdim olunur.
Təhsil sektorlarının nümayəndələri və müəllimlər çıxış edərək pedaqoji kadr təminatı, işə qəbul prosesi və yaşayış şəraiti ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Görüşün sonunda işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək məktəblərin pedaqoji kadr potensialının gücləndirilməsi, şəffaf seçim prinsiplərinin qorunması və tədris prosesinin fasiləsiz təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.