“Məktəblilər arasında respublika çempionatı”nın zona mərhələsi keçirilib
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə “Məktəblilər arasında respublika çempionatı”nın atletika idman növü üzrə zona mərhələsi keçirilib.
Çempionat Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib. Yarışın keçirilməsində məqsəd məktəblilərin fiziki hazırlığını gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək və şagirdlər arasında idmana marağı artırmaqdır.
Azərbaycan Atletika Federasiyasının təyin etdiyi hakimlərin idarə etdiyi yarışlarda məktəblilər 100 metr məsafəyə qaçış, yerindən uzunluğa tullanma, tennis topu atma və 4x50 metrlik estafet qaçışı üzrə bacarıqlarını nümayiş etdiriblər.
Zona mərhələsinin nəticələrinə əsasən I yerə Tərtər rayonu, II yerə Xankəndi şəhəri, III yerə isə Ağcabədi rayonu komandası layiq görülüb.
I yeri qazanan Tərtər şəhər İ. Məmmədov adına 2 nömrəli məktəb-liseyin komandası yarışın final mərhələsində iştirak etmək hüququ əldə edib.
I, II və III yerləri tutan komandalar təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.
Qalib komandamızı təbrik edir, onlara final mərhələsində uğurlar arzulayırıq!