07.11.2025

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə Zəfər Günü münasibətilə tədbir keçirilib  

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə Zəfər Günü münasibətilə tədbir keçirilib

 

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir təşkil olunub.

 

Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin sektor müdirləri və əməkdaşları, məktəb direktorları, həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhid anası Nübar Məmmədova çıxışında 30 ildən sonra oğlunun məzarını ziyarət etmək və doğma torpağa qayıtmaq qürurunu yaşadığını bildirib. Müharibə iştirakçısı Şamil Məmmədov isə Zəfər qələbəsinə gedən yoldan danışaraq bu uğurun bütün Azərbaycan xalqının birliyi və əzmi sayəsində qazanıldığını vurğulayıb.

 

Tədbir zamanı şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub və rəqslər nümayiş etdirilib.

 

Qarabağ Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev çıxış edərək Zəfərimizin əldə edilməsində şəhid və qazilərin misilsiz xidmətlərindən söz açıb, onların xatirəsinin daim uca tutulacağını vurğulayıb. O, həmçinin işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində müəllimlərin üzərinə düşən məsuliyyətin önəmini qeyd edib.