Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin açılışından sonra media nümayəndələrinə müsahibə verib.
Bildirilib ki, 624 şagird yerlik məktəbin binasında 17 sinif otağı, laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika, texnologiya, dərnək, məktəbəqədər hazırlıq otaqları, kitabxana, oxu, idman və akt zalları, yeməkxana mövcuddur. Binadakı otaqların hamısı zəruri tədris vəsaiti ilə təchiz edilib.
Bundan başqa, məktəbin həyətyanı sahəsində açıq idman meydançası da yaradılıb. Məktəbdə təlim-tədrisin yüksək səviyyədə həyata keçirilməsi üçün lazımi şərait var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışında iştirak edib.