Məktəbəqədər və ümumi təhsil
7 528 uşaq məktəbəqədər təhsil alır
2025-ci ildə Qarabağ Regional Təhsil İdarəsi üzrə 7 528 uşaq məktəbəqədər təhsilə cəlb edilib. Hazırda Qarabağ RTİ ərazisində 168 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
7 mindən çox uşaq birinci sinfə gedib
2025-2026-cı tədris ili üzrə 7 min 660 uşaq birinci sinfə qəbul edilib.
6 mindən çox uşaq məktəbəhazırlığa gedib
2025-ci ildə 6 115 uşaq ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul edilib.
Bu gün idarə üzrə 357 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda müəllim heyəti 18 533 mindir, şagird sayı isə 84 599-dən çoxdur.
Təhsildə nailiyyətlərin qiymətləndirilməsi
2025-ci il mayın 17-də bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində, 18 may tarixində isə VI siniflərində monitorinq keçirilib. Monitorinqdə IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə 25 qapalı və 5 açıq kodlaşan sual, VI sinif şagirdlərinə tədris dili və təbiət fənlərinin hər birindən 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq kodlaşan sual təqdim olunub. Monitorinqə 9238 nəfər IV sinif şagirdi, 9468 nəfər VI sinif şagirdi cəlb olunub.
Qarabağ Regional Təhsil İdarəsinin istedadlı şagirdlərlə iş istiqamətində müxtəlif olimpiada və müsabiqələrdə əldə etdiyi göstəricilərə görə:
Lütfi Zadə Məntiq Olimpiadasında 3037 şagird iştirak edib. Onlardan 211 nəfər yarımfinal mərhələsinə, 10 nəfər isə final mərhələsinə yüksəlib və nəticədə 1 nəfər I yerin qalibi olub.
Respublika Fənn Olimpiadalarında (RFO) 14500 şagird iştirak edib. 935 nəfər yarımfinala, 22 nəfər finala yüksəlib və yekunda 1 qızıl, 4 gümüş və 5 bürünc olmaqla ümumilikdə 10 medal qazanılıb.
RFM müsabiqəsində 28 nəfər final mərhələsinə keçib və nəticədə 1 nəfər III yer tutub.
“Sabahın alimləri” müsabiqəsində 5 nəfər iştirak edib, 2 nəfər final mərhələsinə yüksəlib və onlardan 1 nəfər II yerə layiq görülüb.
Xocalı rayon Kosalar kənd tam orta məktəbin 10-cu sinif şagirdi Məhərrəmova Nəzrin Ramin qızı ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olub.
Kenguru Riyaziyyat müsabiqəsində 6162 şagird iştirak edib, 79 nəfər finala yüksəlib və 2 nəfər III yer qazanıb.
“Əlaçı” müsabiqəsində 270 nəfər iştirak edib, 16 nəfər yarımfinala, 2 nəfər final mərhələsinə keçib və bu müsabiqədə 2 nəfər qalib olub.
Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin 10ç sinif şagirdi Quliyev Hidayət Elməddin oğlu 23 noyabr- 2 dekabr tarixlərində Rusiyada keçirilən "Beynəlxalq Yeniyetmələr Təbiət Elmləri Olimpiadası 2025 ( İJSO 2025)"də fizika fənni üzrə uğurlu nəticə göstərərək bürünc medal qazanıb.
Böyük Qayıdış
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun yaradılması işləri həyata keçirilib. Ötən müddət ərzində 14 ümumi təhsil müəssisəsi, 3 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Fəaliyyət göstərən 14 ümumi təhsil müəssisəsində 2907 şagird təhsil alır və 273 nəfər təhsilverən, 83 nəfər texniki işçi çalışır.
Fəaliyyət göstərən 3 məktəbəqədər təhsil müəssisəsində 137 uşaq təhsil alır və 12 nəfər təhsilverən, 23 nəfər texniki işçi çalışır.
Qeyd edək ki, təkcə 2025-ci il ərzində Ağdam rayonu Sarıcalı kənd tam orta məktəb, Ağdam rayonu Xıdırlı kənd tam orta məktəbi, Ağdam rayonu Kəngərli kənd tam orta məktəbi, Ağdərə rayonu Həsənriz kənd tam orta məktəb, Ağdərə rayonu Suqovuşan qəsəbə tam orta məktəbi, Ağdərə rayonu Vəng kənd tam orta məktəb, Xocalı rayonu Ballıca kənd tam orta məktəbi fəaliyyətə başlayıb.
Müəllimlərin işə qəbulu
2025-ci ildə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində 228 müddətsiz , 101 namizəd müddətli 1 müsabiqələrində uğur qazanaraq işlə təmin olunub. Bu il MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub.
Müəllimlərin sertifikatlaşdırılması
2025-ci ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə ilk dəfə cəlb olunan iştirakçı sayı 1474, uğur qazanan isə 1274 nəfər olub.
Ümumilikdə 5243 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır.
Müəllimlərin yerdəyişməsi
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 107 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 7 nəfər iş yerini qarşılıqlı dəyişdirib.
STEAM
17-19 noyabr 2025-ci il tarixlərində Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) keçirilib. Qarabağ Regional Təhsil İdarəsi üzrə komandalarımızdan 1 qızıl, 2 bürünc medal və 2 xüsusi kubok qazanılıb.
Rəqəmsal bacarıqlar
2017-ci ildən ölkədə tətbiq edilən “Rəqəmsal bacarıqlar” layihəsi hazırda Qarabağ Regional Təhsil İdarəsi üzrə 29 ümumi təhsil müəssisəsində tətbiq edilir.
Layihənin məqsədi şagirdlərin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, müasir səriştə və bacarıqlara malik şəxslər kimi formalaşmasına dəstək göstərməkdir.
Məktəblilərarası Milli Hakaton – 2025
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ağalarov Samir Sahib oğlu müsabiqədə 3-cü yerə layiq görülüb.