Xankəndi şəhərində yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan konfransda Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Ruslan Rzayev, Xankəndi şəhər və Xocalı rayonları üzrə təhsil sektorunun müdiri Rizvan Ələsgərov, sektorun əməkdaşları təhsil müəssisələrinin rəhbərləri, direktor müavinləri və qabaqcıl müəllimlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Ruslan Rzayev təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Yeni tədris ilinin əsas prioritetləri, qarşıda duran vəzifələr və təhsil nəticələrinin yüksəldilməsi istiqamətində görüləcək işlər barədə fikirlərini bölüşüb.
Həmçinin məktəb rəhbərlərinin qarşıya qoyulan hədəflərin icrasında məsuliyyətinin artırılması, məktəbdaxili qiymətləndirmənin obyektivliyinin təmin edilməsi və fəaliyyətin konkret, ölçülə bilən nəticələr əsasında qurulmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd olunub ki, 2026–2027-ci tədris ilində əsas məqsəd müəyyən edilmiş problemlərin həlli, təhsil keyfiyyətinin yüksəldilməsi və hər bir məktəbdə daha səmərəli təhsil mühitinin formalaşdırılmasıdır.
Rayon təhsil sektorunun müdiri Rizvan Ələsgərov çıxış edərək rayon üzrə ötən tədris ilinin nəticələrini, mövcud problemləri və qarşıdakı tədris ili üçün əsas hədəfləri diqqətə çatdırıb.
Rayon üzrə təhsil nəticələrinin əvvəlki illərlə müqayisəli təhlilinin aparılmasının, yüksək və aşağı nəticə göstərən məktəblərin müəyyənləşdirilməsinin, zəif nəticələrin səbəblərinin araşdırılmasının və nəticələrin yüksəldilməsi istiqamətində məqsədyönlü fəaliyyətin qurulmasının vacibliyi vurğulayıb.
Həmçinin məktəblərdə özünüqiymətləndirmə və SWOT təhlilinin nəticələrinin fəaliyyət planlarında nəzərə alınması, dərsdinləmələrin və məktəbdaxili qiymətləndirmənin səmərəli təşkili, zəif nəticəli şagirdlərlə sistemli iş aparılması, müəllimlər arasında təcrübə mübadiləsinin genişləndirilməsi və metodiki dəstəyin gücləndirilməsi məsələlərinə diqqət çəkilib.
Bununla yanaşı, IV və VI siniflər üzrə aparılan monitorinqlərin nəticələri, IX və XI siniflərin buraxılış imtahanlarında əldə olunan göstəricilər təhlil edilərək əvvəlki tədris ili ilə müqayisəli şəkildə təqdim olunub. Təhsil nəticələrinin rayon üzrə inkişaf dinamikası diqqətə çatdırılıb, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti, eləcə də məktəbəqədər təhsillə əhatəliliyin mövcud vəziyyəti və əsas göstəriciləri barədə məlumat verilib.