Tərtər rayonunda "2025–2026-cı tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran hədəflər" mövzusunda sentyabr konfransı keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov, Tərtər rayonu üzrə təhsil sektorunun müdiri Oqtay Sarıkişiyev və sektorun əməkdaşları, təhsil müəssisələrinin direktorları, müavinləri, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələrinin müdirləri, metodistlər və qabaqcıl təhsil işçiləri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfrans zamanı 2025-2026 cı tədris ili üzrə fəaliyyət planının icrası, IV və VI siniflər üzrə təkşil edilmiş monitorinq nəticələrinin, IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri, aparılmış dərsdinləmələrin, BSQ və KSQ, respublika fənn olimpiadalarının nəticələrinin təhlili konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Bununla yanaşı, rayon və məktəblər üzrə orta ballar, yeni tədris ili üçün qarşıda duran əsas hədəflər və fəaliyyət istiqamətləri, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti, məktəbəqədər təhsilə cəlbetmə səviyyəsi, mövcud problemlər və təlim nəticələri müzakirə olunub.
Konfransın sonunda yeni tədris ilində qarşıya qoyulan hədəflərə çatmaq üçün atılacaq addımlar və rayon üzrə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində göstərilən fəaliyyətin davam etdiriləcəyi barədə fikirlər səsləndirilib.