Bərdədə təhsil işçilərinin konfransının ikinci günü panel müzakirələri ilə davam edib
Bərdədə keçirilən təhsil işçilərinin konfransının ikinci günündə müxtəlif istiqamətlər üzrə panel müzakirələri təşkil olunub.
Müzakirələrdə idarə müdiri, təhsil müəssisələrinin rəhbərləri və rayon təhsil sektorunun əməkdaşları iştirak ediblər.
Panel müzakirələri zamanı ötən tədris ilinin nəticələri təhlil edilərək yüksək nəticələrin qorunması və daha da yüksəldilməsi, aşağı nəticələrin səbəblərinin müəyyənləşdirilməsi, müəllimlərarası təcrübə mübadiləsinin genişləndirilməsi və uğurlu təcrübələrin digər məktəblərlə paylaşılması məsələləri diqqətdə saxlanılıb.
Həmçinin şagird nailiyyətlərinin və davamiyyətinin artırılması, zəif nəticə göstərən müəllim və şagirdlərlə məqsədyönlü işin təşkili, məktəbdaxili qiymətləndirmənin obyektivliyinin təmin edilməsi, məktəb rəhbərliyinin nəzarət fəaliyyətinin gücləndirilməsi və tədris ilinin ilk üç ayında həyata keçiriləcək təxirəsalınmaz tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələrdə isə şagirdlərin dərnəklərə cəlbi və davamiyyəti, fəaliyyətlərin onların maraq və ehtiyaclarına uyğunluğu, məktəblərlə əməkdaşlığın gücləndirilməsi və dərnək proqramlarının nəticəliliyinin artırılması istiqamətləri nəzərdən keçirilib.
Konfransda məktəbəqədər təhsilin keyfiyyətinin artırılması, uşaqların inkişafı və məktəbə hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi, təhlükəsiz və inkişafetdirici mühitin yaradılması, tərbiyəçi-müəllimlərə metodiki dəstəyin göstərilməsi və valideynlərlə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Panelin sonunda hər bir məktəb üzrə əsas problemlər, ilkin göstəricilər, illik hədəflər, həyata keçiriləcək tədbirlər, məsul şəxslər, icra müddətləri və zəruri dəstək istiqamətləri müəyyənləşdirilib. .Fənn qrupları üzrə müzakirələrin sonunda növbəti tədris ili üçün konkret metodiki tədbirlər müəyyənləşdirilmişdir.
Keçirilən müzakirələr yeni tədris ilində məktəblərin fəaliyyətinin konkret hədəflər və ölçülə bilən nəticələr əsasında qurulmasına, təhsil keyfiyyətinin yüksəldilməsinə və şagird nailiyyətlərinin artırılmasına xidmət edir.