Sentyabrın 15-də Bərdə rayon Hacılar və Qayalı kənd tam orta məktəblərində yeni tədris binasının açılış mərasimi keçirilib.
Məktəbin açılışında rayon icra hakimiyyətinin nümayəndələri, müəllim, şagird, valideynlər və ictimayət nümayəndələri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev müəllim, şagird və valideynləri “Bilik günü” və məktəblərin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.
Məlumat verilib ki, ötən il respublikanın 40-dan çox bölgəsində qəzalı vəziyyətdə olan 106 təhsil müəssisəsi modul tipli məktəblə əvəz edilib. Görülən işlərin davamı olaraq bu il 41 rayonda 137 modul tipli məktəb istifadəyə veriləcək. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, yeni məktəblər inşa edilir, mövcud məktəblər təmir olunur və ya yenidən qurulur. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı hər il artır. Təkcə bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1159 nəfər məzundan 729 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 533 nəfər ali, 213 nəfər orta-ixtisas məktəblərinə qəbul olub. Qəbul imtahanlarında məzunlardan 106 nəfəri 500-dən yuxarı, o cümlədən 47 nəfəri 600-dən çox bal toplayıb.
Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və şagirdlər onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olublar. Hər biri 80 şagird yerlik məktəblər sinif otaqları, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəblərdə su-kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.