21.12.2022

110 yaşlı məktəbdə yubiley tədbiri

C.Məmmədquluzadə adına Kəhrizli kənd tam orta məktəbinin 110 illik yubileyi qeyd olunub. Tədbirdə məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, qonaq qismində  Ağcabədi RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva, Qarabağ Regional Təhsil İdarəsi Ağcabədi rayonu üzrə təhsil sektorunun nümayəndələri Tofiq Zeynalov, Təyyar Hacıyev, “Aran” qəzetinin redaktoru Məhsəti Musa və digərləri iştirak ediblər.  

 

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yada edilib.

 

Məktəbin drektoru Xatirə Məmmədova çıxış edərək qonaqları salamlayıb, 110 illik  fəaliyyəti olan  təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan söz açıb. Daha sonra  Qarabağ Regional Təhsil İdarəsi  Ağcabədi  rayonu üzrə təhsil sektorunun metodisti Tofiq Zeynalov, kənd ağsaqqalı Raiz Məhərrəmov və digərləri çıxış edərək məktəbin kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar. Ağcabədi RİH – nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva da təbriklərə qoşulub və rayon icra hakimiyyətinin fəxri fərmanlarını sahiblərinə təqdim edib. Tədbirdə  bir-birindən maraqlı musiqi nömrələri, şagirdlərin ifasında rəqslər və ədəbi-bədii kompozisiyalartəqdim olunub.

 

Qeyd edək ki, sözügedən məktəb öz dövrünün görkəmli ictimai xadimlərindən olan, tarixçi Əhməd bəy Cavanşirin qızı, maarifçi, xeyriyyəçi Həmidə xanım Cavanşirin təşəbbüsü ilə tikilib. Bu, onun atasının da ən böyük arzularından idi. Məktəbin fəaliyyət göstərməsi üçün Həmidə xanıma həyat yoldaşı, böyük mütəfəkkir yazıçı Cəlil Məmmədquluzadə yaxından köməklik göstərir, 20 ədəd skamya və sinif lövhəsi hazırladır. O, bu fədakar xanımla bərabər, lazım olan müxtəlif dərs ləvazimatı toplayır, həmçinin, məktəbin ilk müəllimi kimi şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Həmidə xanım özü dəhəmin məktəbdə müəllimlik edirdi. Burada dərslər ana dili ilə bərabər rus dilində  də tədris olunurdu.

 

110 yaşını qeyd edən Kəhrizli məktəbi indi Cəlil Məmmədquluzadənin adını daşıyır.

 

Hazırda 19 sinif komplekti olan məktəbdə 358 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə  35 müəllim məşğul olur.


Açar sözlər: ,  ,  ,