Aprelin 27-də Bərdə rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Ak. Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov, idarə müdirinin müavini Anar Məcidov, Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov, YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya,TİAHT Bərdə rayon komitəsinin sədri Tamella İbadova, Bərdə Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin direktor müavini Yeganə Qasımova Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Bərdə Rayon Təşkilatının sədri Etibar Hüseynova, Bərdə rayonu üzrə təhsil sektorunun tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri, həmçinin, rayon ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə görkəmli oftalmoloq alim Akademik Zərifə Əliyevanın abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra şagirdlərin Ulu Öndər Heydər Əliyev və Akademik Zərifə Əliyevaya həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirib, şagirdlərin ifasında nümunəvi gimnastika və idman hərəkətlərinə tamaşa ediblər.
Tədbirin giriş hissəsində Ulu Öndərin, Zərifə xanım Əliyevanın və Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bərdə rayonu üzrə təhsil sektorunun müdiri Qurban Məmmədov çıxış edərək görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın Azərbaycan elmi qarşısındakı xidmətləridən, ictimai fəaliyyətindən danışıb. Daha sonra YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək görkəmli alimin Azərbaycan səhiyyəsindəki yerindən və rolundan danışıb, onun yaradıcılığı və ixtiralarının dünya oftalmologiya elminə böyük töhfələr verdiyini bildirib.
Bərdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktor müavini Yeganə Qasımova bildirib ki, Zərifə xanım Əliyevanın keçdiyi ömür yolu və fəaliyyəti bütün həkimlər üçün nümunədir, o yüzlərlə, minlərlə insanın gözlərinə nur bəxş edib.
Məktəbin ibtidai sinif müəllimi, əməkdar müəllim Püstə Mehdiyeva bildirib ki, onlar Zərifə xanım Əliyevanın adını daşıyan təhsil müəssisəsində işləməkdən böyük qürur və fəxarət hissi duyur, bu adı özləri üçün əziz və müqəddəs hesab edirlər.
Tədbir məktəblilərin ifasında Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş kompozisiyaların nümayişi, şeir və mahnılarla yekunlaşıb.